Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Hesabat yığıncağı keçirilmişdir

18 fevral 2020 | 16:00

18.02.2020-ci ildə Beyləqan rayon Mədəniyyət Sarayında Beyləqan rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə  qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqdan əvvəl rayon rəhbərliyi və qonaqlar tərəfindən ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş, sonra Mədəniyyət Sarayının foyesində Beyləqan rayonunda istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgisinə baxış keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin hesabat məruzəsində bildirilib ki, 2019-cu il beyləqanlılar üçün Prezident İlham Əliyevin fevralın 13-də rayona səfəri ilə əlamətdar və yaddaqalan olub. Səfər çərçivəsində dövlət başçısı Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun, Beyləqan Olimpiya İdman Kompleksinin, Tarix-Diyarşünaslıq Muzeyinin, 10/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyasının açılışında iştirak edib, rayon ərazisində yeni inşa edilmiş hərbi hissədə yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısı Beyləqan şəhərində yerləşən mədəniyyət və istirahət parkında rayon sakinləri ilə görüşüb, onların həyat şəraiti ilə maraqlanaraq müvafiq tapşırıqlar verib.
Yığıncaqda bildirilib ki, ötən il rayonda tikinti-abadlıq işləri davam etdirilib. Bu dövrdə Beyləqan şəhərinə Beyləqan-Daşburun və Şəfəq qəsəbəsi ərazisindən giriş hissələrində işıq dirəkləri yenilənərək led işıqlarla təmin edilib, yol kənarlarında abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Mücirəddin Beyləqani adına park yenidən qurulub, Veteranlar parkı bərpa olunub. Beyləqan şəhərinin Sərdar İmrəliyev küçəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Nasimi parkı salınıb. İmaməddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar rayonda 10 min ədəd müxtəlif növ ağac əkilib. Beyləqan şəhərinin küçələrində, ümumilikdə, 33 min 352 kvadratmetr əraziyə asfalt örtüyü döşənib, 332,9 kvadratmetr divarlar qaya daşları ilə bəzədilib. Yeni quraşdırılan işıq qurğuları Beyləqan şəhərinə xüsusi yaraşıq verir. Hazırda Beyləqan şəhərində 36 mənzilli yaşayış binasının tikintisi davam etdirilir.
Aqrar sahədən bəhs edilərkən qeyd olunub ki, ötən il 9706 hektar sahədə pambıq əkilib, 29,4 min ton məhsul istehsal edilib. Əvvəlki illə müqayisədə pambıq istehsalı 7523 ton çox olub. Bundan başqa ötən il 12 min 431 hektarda taxıl, 558,7 hektarda şəkər çuğunduru, 385 hektarda kartof, 1293 hektarda tərəvəz, 413,5 hektarda bostan, 60 hektarda paxlalılar, 483 hektarda soya əkilib. Hesabat dövründə heyvandarlığın stabil inkişafı davam edib, iribuynuzlu mal-qaranın sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 258 baş artaraq 59 min 194 başa, xırda buynuzluların sayı 2747 baş artaraq 302 min 759 başa çatıb. 8005 ton ət, 39 min 663 ton süd, 24 min 763 min ədəd yumurta, 596 ton yun istehsal edilib.Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən ətraflı bəhs edilib. Təhsil sahəsində uğurlardan bəhs edən Asif Ağayev “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində  hesabat dövrü ərzində rayonumuzun əlaçı və aztəminatlı ailələrinin 80 nəfər məktəblisinin Şəki, Zaqatala, Qəbələ, Masallı, Lənkəran, Astara şəhərlərinə səfərinin təşkil edilməsindən də bəhs etmişdir.
A.Ağayev bildirib ki,Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə Sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Aşıqalılar kənd tam orta məktəbinin binasında bərpa-gücləndirmə və əsaslı təmir işləri başa çatdırılaraq şagird və müəllim kollektivinin istifadəsinə verilmiş, Dünyamalılar kənd 1 saylı tam orta məktəbinin tikintisinə başlanılmış, hazırda tikinti işləri davam etdirilir. Gödəklər və Əhmədli kəndlərində 96 yerlik modul tipli məktəb binalarının tikintisi başa çatdırılaraq 2019-cu ilin fevral ayının 18-də müəllim və şagirdlərin istifadəsinə verilmişdir. 
Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev məlumat verib ki,2019-cu il ərzində rayon İcra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən 975 nəfərin şifahi qəbulu aparılmış, nümayəndəliyə 188 ərizə, şikayət daxil olmuş, bu dövrdə  vətəndaşlara  15807 ədəd müxtəlif məzmunlu arayışlar verilmişdir. Daxil olmuş vətəndaş müraciətlərinə nümayəndəliklər tərəfindən baxılmış, “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq cavab verilərək icrası təmin edilmişdir.

Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev yığıncaqda çıxış edərək, respublikamızda müxtəlif sahələrdə əldə olunan uğurlardan, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən danışıb.
Asif Ağayev konfransın sonunda bildirdi ki,Beyləqan ictimaiyyəti bundan sonra da Azərbaycan Respublikasının Prezidenti  cənab İlham  Əliyevin müdrik daxili və xarici siyasətini dəstəkləyərək ətrafında sıx birləşəcək, onun siyasi iradəsinə əsaslanaraq bütün  göstərişlərinin, qərar və  tapşırıqlarının dönmədən həyata keçirilməsini təmin edəcək, bütün qüvvələri səfərbər etməklə müstəqil respublikamızın çiçəklənməsi, xalqın  rifahının  yüksəldilməsi naminə  Dövlət  Başçısının  gördüyü böyük  işlərdə Onun  layiqli  yardımçısı olacaqdır. 
Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycanın Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

Keçidlər