Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Elektrik şəbəkəsinin inzibati binasının açılış mərasimi keçirilmişdir.

20 sentyabr 2019 | 16:00

     20 sentyabr 2019-cu il tarixdə Beyləqan Elektrik şəbəkəsinin yeni inzibati binasının açılışı oldu. Açılışda Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev, Azərişıq ASC-nin İnkişaf və İnvestisiya  İdarəsinin rəisi Toğrul Rəhimov, Aran RETSİ-nin rəisi Canəhməd Əhmədov, Beyləqan Elektrik Şəbəkənin rəisi Yelmar Həşimov iştirak etdilər.
      Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev qonaqları salamlayaraq son illər respublikamızda, o cümlədən Beyləqan rayonunda görülmüş işlərdən, eləcə də əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında dövlətin qayğısından və aparılan islahatlardan bəhs etdi.                                                                    Azərişıq ASC-nin İnkişaf və İnvestisiya  İdarəsinin rəisi Toğrul Rəhimov çıxış edərək bildirdi ki,  binanın tikintisinə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Beyləqana 13 fevral 2019-cu ildə son səfəri çərçivəsində  yenidən qurulan 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyasının açılışından sonra başlanılıb.Daha sonra qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb, bu sektorda mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Beyləqan rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi prioritet məsələlərdən olub. Geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin elektrik enerjisinə artan tələbatının ödənilməsi üçün geniş imkanlar yaranıb. 
    Beyləqan Elektrik Şəbəkənin rəisi Yelmar Həşimov inzibati binada 13 nəfər işçinin çalışacağını bildirdi və binanın 9 iş otağının müasir tələblər səviyyəsində qurulduğunu qeyd etdi. Bildirdi ki, 300 kv.metr sahəsi olan inzibati binada işçilər üçün lazımi iş otaqları, yardımçı və texniki otaqlar yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıqlar salınıb.
   Yelmar Həşimov yaradılan bu şəraitə görə Beyləqan Elektrik Şəbəkənin bütün kollektivi adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və rayon İcra hakimiyyəti başçısı Asif Ağayevə öz minnətdarlığını bildirdi.
     Daha sonra binanın iş otaqlarına baxış keçirildi.

 

Keçidlər